Əsas menyu
Tarix

"Dəri Xəstəliklərinə qarşı kömək edən məlhəm"

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin və İtalyan səyyahı Marko Polonun əsərlərində müalicəvi neft haqqında ilk yazılı qeydin meydana çıxdığı XII-XVIII əsrləri əhatə edir. Marko Polo 1264-cü ildə Azərbaycandan keçərək Venesiyadan Çinə səyahət edərkən neftlə dolu nəhəng gölməçələri təsvir edərək, onu “dəri xəstəliklərinə qarşı kömək edən sehrli məlhəm” adlandırır.

"Böyük Tatarıstan"

Səyahət zamanı gördüklərini və başına gələnləri “Böyük Tatarıstan” adlı traktatında qeyd etmişdir. Marko Polo yazırdı ki, indiki Naftalan ərazisində şəfalı yağ var və bu yağ dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən Azərbaycana üz tutan minlərlə insan müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan Naftalan nefti aparır, öz vətənlərində məhz həmin neftin köməyi ilə şəfa tapırdılar.

Yeger Dövrü

Bu tarixi dövrü Yeger dövrü adlandırmaq olar. Bu dövr XIX əsrin sonlarını XX əsrin əvvəlini əhatə edir. 1873-cü ildə alman mühəndisi E.İ.Yeger neftçıxarma məqsədilə Naftalanda torpaq sahəsi əldə etmiş və ilk qazma quyusunu qazmışdır. İflasa uğradığını düşünən Yegeri təəcübləndirən bu neftin yanma qabiliyyətinin olmaması idi.

Naftalan haqqında rəylər kitabı

Naftalana artan marağı görən Yeger buradakı zavodu bağlayır və çıxarılan bütün naftalanı məlhəm istehsalı üçün Avropaya, daha dəqiq Almaniyaya göndərir.
Yeger tərəfindən hazırlanmış məlhəmlər, müşahidələrinin nəticələri mövcud tibbi ədəbiyyatda dərc edilməsi üçün Avropada yerləşən müxtəlif laboratoriyalara göndərildi. Qısa müddət ərzində Yeger Avropa və Amerikadakı həkimlərin 600-ə yaxın rəyini toplamağa və Drezdendə Naftalan haqqında rəylər kitabını nəşr etdirməyə nail oldu. Bu kitab rus dilinə tərcümə edilmiş və 1904-cü ildə Tiflisdə nəşr edilmişdir.

Uğur hekayəsi

Bütün olanlara baxmayaraq Yegerinin müşahidəçiliyi kömək etdi: o, yay aylarında yerli sakinlərin və qonaqların neftəbənzər maye ilə dolu çuxurlara dalaraq müalicəvi “vannalar” qəbul etdiyinin fərqinə vardı. Bununla da sənayeçi uğursuzluğunu uğur hekayəsinə çevirə bildi. 1890-cı ildə o, naftalan məlhəmlərinin hazırlanması üçün burada kiçik bir zavod tikdi. Dərman məlhəmi istehsalı üçün tikilmiş zavod məhsullarını xaricə fəal şəkildə ixrac edən sahibini inanılmaz dərəcədə zənginləşdirdi. “Yeger məlhəmi” bir çox xəstəliklərin möcüzəvi müalicəsi kimi tövsiyə edilirdi.

Naftalan yağı beynəlxalq bazarda

Hazırlanan krem və mazlar Almaniya vasitəsi ilə Yaponiya, ABŞ, İngiltərə və digər ölkələrə satılırdı. Eyni zamanda o illərdə Almaniyada Naftalan neftindən dərman preparatları hazırlayan 2 səhmdar cəmiyyət: “Maqdeburq-Naftalan” və “Drezden-Naftalan” cəmiyyətləri fəaliyyət göstərirdi.
1899-cu ildə “Pharm Zeitung” jurnalı Naftalan yağının istifadəsi ilə bağlı 65 formul çap etmişdir.

Naftalan yağı tibb və kasmetologiya sahəsində

Naftalan yağı təkcə tibbi məqsədlər üçün deyil, həmçinin kosmetologiya sahəsində də istifadə edilirdi.
1900-cü ildə Parisin gözəllik mağazalarında Naftalan yağından hazırlanan müxtəlif preparatlardan istifadə olunurdu.
Rusiyada Naftalan nefti haqqında ilk məruzə 1898-ci ildə Qafqaz Tibb Cəmiyyətində həkim Rozenbaum tərəfindən edilmişdir. Rozenbaum naftalandan yanıqlar, kəskin və xroniki ekzema, seboreya, psoriaz, yaralar və burulmalar, revmatik ağrılar üçün istifadə edirdi. Birinci Dünya Müharibəsi illərində hər bir alman və yapon əsgərinin tibbi yardım çantasında güllə yaralarının və donmaların müalicəsi üçün naftalan məlhəmi mövcud idi. I Dünya Müharibəsinin başlaması və almanların buradan köçməsi Yeger dövrünə son qoydu.

Ümumittifaq Sağlamlıq Kurortu

Bu tarixi dövr (1920-1991) Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə başlayır. 1926-cı ildən Naftalan neftinin fiziki, kimyəvi, geoloji, bioloji xassələrinin fundamental tədqiqi aparılır. Bu tədqiqatların nəticəsi olaraq 1935-ci ildə 25 çarpayılıq ilk mövsümi sanatoriya istifadəyə verilmiş, 1965-ci ildə inkişaf edərək 1500 çarpayılıq Ümumittifaq Sağlamlıq Kurortuna çevrilmişdir. 

Elmi-Tədqiqat laboratoriyası

1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji, müalicəvi təsiri öyrənilməyə başlanılmışdır. Eləcə də 1965-ci ildə Naftalanda Elmi-Tədqiqat laboratoriyası yaradılmışdır. Həmin laboratoriyanın nəzdində 1969-cu ildə 12 otaqdan ibarət
“Vivarium” fəaliyyətə başlayır. Burada təcrübə işlərinin aparılması üçün meymun, dovşan, siçan və itlər saxlanılırdı. Naftalan neftinin təsiri altında həmin heyvanlar üzərində aparılan təcrübədə onun komponentləri, fraksiyaları, qan fermentlərinin biokimyəvi və histo-kimyəvi aktivliyi, qan plazmasında sərbəst amin turşularının səviyyəsi, qanın morfologiyası və zülal spektri, daxili orqanların histomorfologiyası öyrənilirdi. Azərbaycan ETTBİ-da aparılan tədqiqatlar nəticəsində Naftalan yatağının yod-bromlu 0 suyu kimyəvi xassələrinə görə müalicəvi yod-brom, xlorid-natriumlu submineral (20-32 C) orta minerallığı olan müalicəvi sulara aid (M=5-10 q/l) olması təsdiq edilmişdir.

Naftalan neftinin faydaları

Azərbaycanda Naftalan neftinin öyrənilməsində akademik Y.Q.Məmmədəliyevin, professorlar T.H.Paşayevin, S.Ə.Quliyevanın, tibb elmləri doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur. Sovet dövründə Naftalan neftinin xassələri, kimyəvi tərkibi öyrənilmiş, 1000-dən çox elmi-tədqiqat əsərləri nəşr edilmişdir. II Dünya Müharibəsi dövründə Bakının evakuasiya hospitallarında Ş.Həsənovun hazırladığı “Naftomastika” preparatları güllə yaraları, travmatik artritlər, yanıqlar, donmalar zamanı istifadə edilirdi. S.M.Tağıyevin laboratoriya və kənd təsərrüfatı heyvanları üzərində apardığı təcrübələri göstərmişdir ki, Naftalan nefti heyvanlarda çoxalma funksiyalarına müsbət təsir göstərir. Alınan nəticələr öz növbəsində Naftalan neftinin tətbiqinin heyvandarlığın inkişafında və onların məhsuldarlığının (ət, yumurta) artırılmasında rolunu və elmi təcrübəvi əhəmiyyətini göstərir. 1982-ci ildə yaradılmış 2300 çarpayılıq Naftalan Kurort Birliyinin 1987-ci ildə çarpayı sayı artıq 3200-ə çatdırılmışdır. Naftalan neftinin faydalı sağlamlıq xüsusiyyətləri təsdiqləndikdən sonra sanatoriyaların aktiv tikintisinə başlanılıb. Ümumiyyətlə bu dövrdə aparılan bütün tikinti, abadlıq-quruculuq işləri Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Naftalan sanatoriyası XX əsrin əvvələrində

1990-cı illərin əvvələrində SSRİ-nin dağılması, Ermənistanın Azərbaycana qarşı torpaq iddiası və hərbi təcavüzü nəticəsində kurorta gələnlərin sayı kəskin şəkildə azalmağa başlamışdır.

Doğma torpaqlarından zorla çıxarılan qaçqın və məcburi köçkünlər Naftalanda fəaliyyət göstərən mövcüd sanatoriyalarda yerləşdirilmişdir.

Yeni mərhələ

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Naftalan şəhərinə ilk səfəri ilə yeni mərhələnin başlanmasına start verildi. Azərbaycan dövlətinin turizm sahəsində siyasəti, “Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikası qanununun qəbulu, “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiqi Naftalanın inkişafında keyfiyyətcə yeni istiqamətə ardıcıl olaraq özəl müalicə mərkəzlərinin yaranmasına, göstərilən xidmətlərin daha yüksək səviyyəyə çatdırılmasına gətirib çıxardı. 

Naftalanda bir vaxtlar məşhur olan istirahət və müalicə mərkəzləri öz şöhrətini daha müasir formada geri qaytarır. Beləliklə, yeni hotel və müalicə mərkəzlərinin açılması, rəqabət qabiliyyətinin artırılması nəticəsində Naftalana gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır və şəhər Beynəlxalq Turizm Mərkəzinə çevirilib.