Dövlət standartı
Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında 2020-ci ildə Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və “Naftalan nefti və ondan alınan məhsullar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə olunaraq ilk dəfə Naftalan neftinə dövlət standartı alınmışdır. 2020-ci ilin avqust ayında qəbul olunmuş standartın tətbiqi Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına təkan verəcək, yerli və xarici turistlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsini və tibbi turizmin inkişafını daha da stimullaşdıracaqdır.
İlk poçt markası
2021-ci ildə Naftalan Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Naftalanın ilk poçt markası dövriyyəyə buraxılıb. Marka blokunun dizaynı dünya markalar kataloquna daxil edilib, dünya filatelistlərinin də böyük maraq və sevincinə səbəb olub. Buraxılış bir markadan ibarət poçt bloku şəklində beş min tirajla Belarus Respublikasında çap olunub, marka ilə yanaşı Birinci gün zərfi də hazırlanıb.
Little Free Library
Kitabxana www.littlefreelibrary.org-un kitabxanalar reyestirinə düşərək #100833 nişanı altında fəaliyyət göstərir və ölkəmiz həmin saytın xəritəsində digər ölkələr sırasında yer alıb. Mini kitabxana günün istənilən saatında ödənişsiz fəaliyyət göstərir. Ölkəmizdə ilk dəfə “Little Free Library” kitabxanasının “I Love Naftalan” adlanan bölməsi məhz kurort şəhərimiz Naftalanda açılıbdır.
Free Wi-Fi
2022-ci ildə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin məmnunluğunu artırmaq üçün şəhərin bütün parklarında limitsiz və sürətli optik Wi-Fi ötürücülər quraşdırılıb.
Panduslar
Şəhərin bütün prospekt və parklarında, səkilərdə hərəkət məhdudiyyəti olanların və uşaq arabalarının rahat hərəkətini təmin etmək üçün panduslar quraşdırılıb.
Alternativ enerji
2020-ci ildən etibarən Naftalanda ilk dəfə alternativ enerji mənbələrindən istifadə olunur. Pilot layihə olaraq şəhərin “Qələbə” və “Nəriman Nərimanov” parklarında yerli və xarici istehsalçıların birgə məhsulu olan işıqlandırma sistemi quraşdırılmışdır. Naftalan Bələdiyyəsinin binası önündə quraşdırılmış məlumat və istiqamətverici lövhələr alternativ enerji vasitəsilə işıqlanır. Yeni işıqlandırma sistemi günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.
Satıcısız mağaza
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Gözəl Naftalan” Müalicə Mərkəzinin dəstəyi ilə ilk dəfə olaraq 2020-ci ildə turistlərə göstərilən xidmətin daha da yüksəldilməsi və turist məmnunluğunun artırılması məqsədilə “Naftalan 24/7” satıcısız mağaza fəaliyyətə başlayıb. Pilot layihə kimi istifadəyə verilən mağazada turistlərin daha çox ehtiyacı olan 20-dək çeşiddə tələbat malları satışa çıxarılıb. Mağazadakı məhsullar arasında Naftalan neftindən hazırlanmış diş pastaları, kremlər, yağlar, şampun, sabunlar və digər təbii tərkibli, müalicəvi əhəmiyyətli məhsullar yer alıb.