Beynəlxalq Elmi-Praktik Konfrans
08-09 oktyabr 2022-ci il tarixlərində Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı, PMD Hospitality-nin partnyorluğu ilə “Naftalan – Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsi ilə yanaşı Vətən Müharibəsindən sonra turizm üçün yaranmış imkanlardır. Konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Ukrayna Respublikalarının, Rusiya Federasiyasının, Almaniya Federativ Respublikasının turizm, səhiyyə, sanatoriya-kurort sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak edib. Konfrans çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Almaniya Tibbi Sağlamlıq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Eyni zamanda Naftalan Turizm İnformasiya Mərkəzinin açılışı olub, Mərkəzin ətrafında konfrans iştirakçıları tərəfindən ağacəkmə aksiyası keçirilib, xatirə dirəkləri basdırılıb.“Naftalan – Sağlamlıq və Turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın davamı olaraq 09 oktyabr 2022-ci il tarixdə konfrans iştirakçıları ilk olaraq, unikal Naftalan nefti ilə yaxından tanış olub, neftin müalicəvi xüsusiyyətləri haqqında ətraflı məlumat alıblar. Sonra iştirakçılar, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər edərək, Suqovuşan qəsəbəsinin turizm potensialı və ərazidə yenidən qurma və bərpa işləri ilə tanış olublar. Həmçinin, qəsəbədə Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Eyni zamanda xarici və yerli Konfrans iştirakçıları, səfər çərçivəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində mülki Şəhid Qurbanovlar ailəsini ziyarət ediblər. İki gün davam edən Beynəlxalq Konfransda 6 xarici ölkənin nümayəndəsi, ümümilikdə isə 100-dən çox iştirakçı qatılmışdır.